Kontent detalları
Kiçik məktəblilərin məktəbə dezadaptasiyasının səbəbləri
25 Sentyabr | Psixologiya

Məktəbə uyğunlaşmaqda çətinlik çəkən uşaqda aşağıdakı dəyişikliklər
müşahidə oluna bilər:
* məktəbə getmək istəməmək və ya məktəbdən qorxmaq və bunun
nəticəsində dərslərə və məktəb fəaliyyətlərinə marağın azalması;
* özünəinamın azalması, tez-tez ağlamaq, əsəbiləşmək və həssaslaşmaq,
aqressiv və ya tərs davranışların artması;
* diqqətini dərsə cəmləməkdə çətinlik çəkmək;
* həddindən artıq hərəkətli və ya əksinə, özünəqapanıq
olmaq;
* sinif yoldaşları ilə ünsiyyətdən qaçmaq;
* baş, qarın ağrısı, əl titrəməsi kimi stresslə əlaqəli fiziki əlamətlərin yaranması.
Məktəbə uyğunlaşma çətinliyinin tək bir səbəbi yoxdur. Uşağın fərdi xüsusiyyətləri, inkişaf səviyyəsi, məktəb mühiti və ailədəki münasibətlər birlikdə təsir göstərə bilər. Müəllimin münasibəti burada xüsusi əhəmiyyət daşıyır. Sərt yanaşma, uşağın səhvlərinin tez-tez vurğulanması və digər uşaqlarla müqayisə edilməsi onda “mən bacarmıram” düşüncəsinin yaranmasına səbəb ola bilər. Ailə münasibətləri də mühüm rol oynayır. Uşaqdan həddindən artıq yüksək nəticə gözləmək, onu digər uşaqlarla müqayisə etmək və yalnız qiymətlərinə görə dəyərləndirmək məktəb stresini artıra bilər. Əksinə, uşağın dinlənilməsi, dəstəklənməsi və səylərinin qiymətləndirilməsi onun özünəinamını gücləndirir. Bəzən isə səbəb uşağın diqqət, emosional tənzimləmə, ünsiyyət və ya öyrənmə xüsusiyyətləri ilə bağlı ola bilər.
Ən vacib addım uşağın davranışını cəzalandırmaqdan əvvəl onu
anlamağa çalışmaqdır. “Niyə belə edirsən?” əvəzinə “Məktəbdə sənə ən çətin gələn
nədir?” kimi suallar vermək uşağın özünü daha rahat ifadə etməsinə kömək edir. Uşağı
digər uşaqlarla müqayisə etməmək, kiçik uğurlarını belə görmək, məktəblə bağlı
qorxularını dinləmək və gündəlik rejim yaratmaq adaptasiya prosesini
asanlaşdıra bilər. Əgər çətinliklər uzun müddət davam edirsə və uşağın dərslərinə,
davranışına, yuxusuna, emosional vəziyyətinə və ya sosial münasibətlərinə təsir
göstərirsə, müəllim, valideyn və məktəb psixoloqunun birlikdə vəziyyəti dəyərləndirməsi
faydalıdır.
Şahnaz Şahin