Kontent detalları

Psixoloq kimdir və kim deyildir?

 28 Sentyabr| Müəllif: Rabiya Həsənova

Psixoloq kimdir və kim deyildir?

 

Psixoloq kimdir və kim deyildir?


Bəzən insan özünü çıxılmaz vəziyyətdə hiss edir. Duyğularını anlamaqda çətinlik çəkir, münasibətlərində eyni problemlərlə qarşılaşır, narahatlığının səbəbini tapa bilmir. Belə anlarda yaxınlarımızdan tez-tez bu sözləri eşidirik: “Çox düşünmə”, “Hər şey yaxşı olacaq”, “Güclü ol!”, “Boş ver”...


Bəs bu məsləhətlər kifayət etmədikdə nə etməliyik?

Məhz burada psixoloqun rolu ortaya çıxır.Təəssüf ki, cəmiyyətimizdə hələ də psixoloqun kim olduğu, nə iş gördüyü və hansı məsələlərdə kömək edə biləcəyi haqqında yanlış təsəvvürlər mövcuddur.


Psixoloq kimdir?

Psixoloq insanın düşüncələrini, emosiyalarını, davranışlarını və münasibətlərini elmi əsaslarla öyrənən mütəxəssisdir. Psixoloji konsultasiya sahəsində çalışan psixoloq insanın yaşadığı çətinlikləri anlamağa, özünü daha yaxşı tanımasına, emosiyalarını tənzimləməsinə və daha sağlam davranış üsulları formalaşdırmasına dəstək olur.


Peşəkar psixoloq sadəcə dinləyən insan deyil. O, müvafiq təhsil, praktik hazırlıq və peşəkar bacarıqlar əsasında elmi cəhətdən əsaslandırılmış yanaşmalardan istifadə edir.

Psixoloqa yalnız ciddi psixoloji problem yaşayan insanlar müraciət etmirlər. Özünü tanımaq, özgüvəni inkişaf etdirmək, ailədaxili münasibətləri yaxşılaşdırmaq, övladını daha düzgün anlamaq, karyera seçimi etmək və ya həyatındakı dəyişikliklərə uyğunlaşmaq istəyən hər kəs psixoloji dəstəkdən faydalana bilər.


Psixoloqun əsas məqsədi insanın yerinə qərar vermək deyil, onun öz qərarlarını daha sağlam və şüurlu şəkildə verə bilməsinə kömək etməkdir.


Bəs psixoloq kim deyildir?


Psixoloqun rolunu düzgün anlamaq üçün onun nə etmədiyini də bilmək vacibdir.


Psixoloq məsləhət paylayan dost, qonşu, qohum deyil. Bu insanlar bizi sevə, təsəlli və şəxsi təcrübələrinə əsasən tövsiyələr verə bilərlər. Psixoloq isə mühakiməsiz, peşəkar sərhədləri olan münasibət qurur. O, problemin görünən tərəfi ilə yanaşı, onun arxasında dayanan emosional və davranış mexanizmlərini də araşdırmağa kömək edir.


Psixoloq hakim deyil…

O, kimin haqlı, kimin günahkar olduğunu müəyyənləşdirmək üçün çalışmır. Xüsusilə ailə və cütlük konsultasiyalarında məqsəd tərəf tutmaq deyil, münasibətlərdəki çətinlikləri anlamaq, ünsiyyəti yaxşılaşdırmaq və daha konstruktiv həll yollarını araşdırmaqdır.


Psixoloq insanın fikrini oxumur…


Bəzən psixoloqun qarşısındakı insanın bütün düşüncələrini bildiyi zənn edilir. Əslində isə psixoloq müşahidə, peşəkar söhbət, elmi metodlar və zərurət olduqda psixoloji qiymətləndirmə vasitələrindən istifadə edir. İnsan haqqında nəticələr ehtimallara deyil, mümkün qədər əsaslandırılmış məlumatlara söykənməlidir.


Psixoloq sehrbaz deyil… 


İllərlə formalaşmış düşüncə və davranışların bir neçə görüşdə dəyişəcəyini gözləmək real deyil. Psixoloji dəstək zaman, əməkdaşlıq və bəzən səbir tələb edən prosesdir. Psixoloq dəyişiklik üçün şərait yaradır, lakin həmin dəyişikliyin fəal iştirakçısı insanın özüdür.

 

Psixoloqla psixiatrın fərqi nədir?


Bu iki peşə tez-tez qarışdırılır.


Psixiatr tibb təhsili almış, psixi sağlamlıq sahəsində ixtisaslaşmış həkimdir. O, psixi pozuntuların tibbi qiymətləndirilməsi və müalicəsi ilə məşğul olur, ehtiyac yarandıqda dərman müalicəsi təyin edə bilir.


Psixoloq isə əsasən psixoloji qiymətləndirmə, konsultasiya və müvafiq əlavə hazırlığı olduqda psixoterapiya kimi metodlarla çalışır. Psixoloqlar, bir qayda olaraq, dərman təyin etmirlər. Bəzi ölkələrdə xüsusi hazırlıq və hüquqi icazə əsasında istisnalar mövcuddur.

Bəzən ən effektiv dəstək psixoloq və psixiatrın əməkdaşlığı ilə mümkün olur. Bu iki peşə bir-birinin rəqibi deyil, insanın psixi sağlamlığına xidmət edən tamamlayıcı sahələrdir.

 

Yaxşı psixoloqu necə tanımaq olar?


Peşəkar psixoloqun ən mühüm xüsusiyyətlərindən biri etik prinsiplərə sadiqliyidir. Yaxşı psixoloq:

  • Sizi diqqətlə dinləyir, mühakimə etmir və hisslərinizə hörmətlə yanaşır.

  • Məxfiliyi qoruyur, onun qanuni və etik istisnalarını əvvəlcədən izah edir.

  • İstifadə etdiyi metodları və konsultasiya prosesinin məqsədini anlaşıqlı şəkildə açıqlayır.

  • Sizi öz inanclarını düşüncələrini, dəyərlərini və qərarlarını qəbul etməyə məcbur etmir.

  • Bilik və səlahiyyətlərinin sərhədlərini bilir, lazım gəldikdə başqa mütəxəssisə yönləndirir.

  • Qısa müddətdə möcüzəvi nəticələr vəd etmir.


Unutmaq olmaz ki, sosial şəbəkələrdə məşhur olmaq, təsirli danışmaq və ya insanları yaxşı motivasiya etmək özlüyündə peşəkar psixoloji səriştənin göstəricisi deyil. Təhsil, ixtisaslaşma, praktiki hazırlıq, etik davranış və tətbiq olunan metodların elmi əsasları daha önəmlidir.


 

Psixoloqa müraciət etmək üçün problemi böyütmək lazımdırmı?


Xeyr. Fiziki sağlamlığımızın qayğısına yalnız xəstələndikdə qalmadığımız kimi, psixoloji sağlamlığımıza da yalnız böhran zamanı diqqət yetirməməliyik.

Bəzən bir insanın özünü daha yaxşı tanıması, emosiyalarını anlaması, münasibətlərində sərhəd qoymağı öyrənməsi və ya həyat məqsədlərini aydınlaşdırması üçün psixoloji konsultasiya kifayət qədər dəyərli ola bilər.


Ən əsası, psixoloqa müraciət etmək insanın zəif, bacarıqsız və ya “problemli” olduğunu göstərmir. Əksinə, ehtiyaclarını tanımaq və vaxtında dəstək istəmək məsuliyyətli davranışdır!


Nəticə: Psixoloq sizə yol göstərən deyil, öz yolunuzu tapmağa kömək edən mütəxəssisdir


Hər bir insanın həyat hekayəsi, yaşadığı çətinliklər, dəyərləri və imkanları fərqlidir. Buna görə də hamıya uyğun gələn tək bir xoşbəxtlik formulu yoxdur.

Peşəkar psixoloji dəstəyin dəyəri də məhz buradadır: insanı dəyişməyə məcbur etmək deyil, onun özünü daha dərindən anlamasına, seçimlərini görməsinə və həyatına daha sağlam istiqamət verməsinə kömək etmək.

Çünki bəzən həyatımızda ehtiyac duyduğumuz şey bizə nə etməli olduğumuzu deyən biri deyil, öz səsimizi daha aydın eşitməyimizə kömək edən peşəkar bir insandır.



 Rabiya Həsənova


Paylaş:

Şərhlər

Hələ təsdiqlənmiş şərh yoxdur.

Şərh yaz

Göndərilən şərh admin təsdiqindən sonra saytda görünəcək.