Kontent detalları

Doğum sırasının psixologiyaya təsiri

 21 Sentyabr| Müəllif: Aynur Qələmova

Doğum sırasının psixologiyaya təsiri

Birinci, ikinci, üçüncü...

 

  Görəsən ailədə doğum sırası insanın həyatına necə təsir göstərir?! Əlimizdə olmayan və dəyişə bilmədiyimiz bu sıralama bizlərin gələcək həyatında necə iz bıraxır?! Necə olur ki, eyni ailədə, eyni valideynlərdən bu qədər fərqli xasiyyətdə uşaqlar meydana gəlir?!


  Tədqiqatlar göstərir ki, müstəqil qərar alabilmə, məsuliyyət hissi, özünəinam, psixosomatik xəstəliklərə məruz qalma riski və s., bir yönüylə, uşağın doğum sırasıyla əlaqədardır.


  Birinci doğulan uşaqlar, adətən, bütün ailənin sevinci, nəşəsi olurlar. Hərkəsin üstlərində "əsdiyi" halda, ən çox səhvləra də məhz onların tərbiyəsində yol verilir. Bu da valideynlərin naşılığından, nəyi necə edəcəyini bilməyişindən, ətrafdakı insanların müdaxilələrindən qaynaqlanır. Birincilər, başqa heç bir uşağın dadmadığı hissləri yaşayırlar -  sərhədsiz sevgi və qayğı. Onlar sadəcə  ata-ananın deyil, nənə və babaların da sevgi və diqqət mərkəzindədirlər. Bu "qayğısız" həyat ikinci usağın doğumuna qədər davam edir. Məşhur psixoloq Adler, ailəyə ikinci uşağın gəlişi ilə birincinin aldığı zərbəni "taxtından endirilən kral" sözləri ilə təsvir edir. Artıq, kiçik yaşına baxmadan, ətrafdakılar ondan böyük kimi davranmağı, balaca ilə oyuncaqlarını, oynadığı oyunları, zamanını, otağını, ən əsası isə, ana və atanın sevgisini bölüşməsini tələb edir. Doğru yönləndirilməzsə, bu krizis dönəmi çeşidli davranış pozğunluqlarına, məs. aqressivliyə, qısqanclığa, infantilizmə (yaşından kiçik davranış şəkilləri), özünə qapanmağa və s. gətirib çıxara bilər.


  Birincilər, adətən, daha məsuliyyətli, ailəcanlı, qayğıkeş və liderlik keyfiyyətlərinə malik olurlar. Öz gələcək ailə həyatlarına da uşaqlıqda öyrəndikləri qayğıkeşliyi yansıdırlar. Adətən, təşəbbüsü əllərində saxlayır, ailə dəyərlərinə qarşı qoruyucu və məsuliyyətli olurlar.


  İkinci doğulan uşaqlar sanki bir yarışın içinə düşmüş kimidirlər - bir yandan, birincinin təhrikləri, üstün bacarıqları, digər yandan, valideyn sevgi və diqqətini qazanmaq uğrunda verilən mücadilə, onların sosiopsixolojik inkişafina təsir edir. Çox vaxt, onlar böyük bacı və ya qardaşın bacarıqlarına tez zamanda yiyələnirlər - daha tez gəzir, danışır, ünsiyyətə girirlər. Adətən, bütün həyatları boyunca özlərinin daha yaxşı olduqlarını ispat etməyə çalışır, bəzən bacarıqlarını aşan iddialara girə bilirlər. Birincilər qədər məsuliyyətli və qayğıkeş olurlar. Ailəyə üçüncü uşağın gəlməsi onlar üçün yarışa "yeni oyunçunun" daxil olması deməkdir. Belə halda onlar özlərini haqsızlığa məruz qalmış, küskün hiss edə bilirlər. Demək olar ki, üç uşaq arasında psixolojik olaraq ən çətin vəziyyətdə məhz ortancıl uşaqlar olur.


  Üçüncülər, əgər sonbeşikdirlərsə, digər bacı və qardaşlarından, bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Onlar sadəcə valideynlərin deyil, həm də böyük bacı-qardaşlarının da sevgi və qayğısı ilə əhatə olunur, davamlı özlərini böyüklərlə müqayisə edir, bir şeyi əldə etmək üçün bacarıqdan çox şirinliklərindən istifadə edirlər. Onların heç bir zaman "taxt-tacdan" edilmək kimi bir qayğısı yoxdur. Uşaqlıqlarını ən uzun müddət yaşayan məhz onlar olurlar. 


Çox vaxt, əgər valideynlərin də imkanları məhduddursa, bu evin ən kiçiklərinin özlərinin heç nəyi olmur. Onlar başqalarını keçmək üçün çox güclü motivasiyaya sahib olurlar və bu gələcəkdə onları seçdikləri sahədə "ən yaxşı" olmağa məcbur edə bilir. Bununla yanaşı, təlim-tərbiyə yönündən ən ciddi problemlər də məhz sonbeşiklərlə yaşanır.


  Evin tək uşaqlarının vəziyyəti isə digərlərindən çox fərqlənir. Onların bacı-qardaşı olmadığı üçün, muqayisə etmək, yaşıdları ilə ünsiyyət, empati qurmaq kimi bacarıqları yetəri qədər inkişaf etmir. Davamlı valideyn, əsasən də ana, sevgi və qayğısı ilə əhatə olunduqlarından, ətrafdakılardan da eyni sevginin axtarışında olurlar. Amma bu çox zaman xəyalqırıqliğı ilə nəticələnir. Daima içlərində ailəyə başqa uşağın gələcəyi qorxusunu daşıyırlar. Onların ən bariz xüsusiyyətləri eqoist və ətrafdan asılı olmalarıdır.


  Əlbəttə ki, bu sətirləri oxuyanlar, öz həyat təcrübələrinə, yaşadıqlarına dayanaraq, bəzi fikirlərlə razı olmaya bilərlər. Burada doğum sırasına görə uşaqların "tipik" xarakteri rəsm edilməyə çalışılmışdır. Unutmamalıyıq ki, hər bir uşağın xarakterinin formalaşmasına ailənin  tərbiyə tərzi, uşağın təkrarolunmaz xüsusiyyətləri və bir çox başqa amillər də təsir edir.


Paylaş:

Şərhlər

Hələ təsdiqlənmiş şərh yoxdur.

Şərh yaz

Göndərilən şərh admin təsdiqindən sonra saytda görünəcək.